NÖQSANDAN DA BETƏRMİŞ
Öz-özümü mənəm çəkən çarmıxa, Nə biləydim, hökmü verən qədərmiş. Öz içimdə hakim ilə vəkilin Gecə-gündüz çəkişməsi hədərmiş.
Çox düşündüm: nədir qəsdim, niyyətim? Hara çəkir görən məni fıtrətim? Bu dünyadan mənim payım, qismətim Sevincimdən oğurlanan kədərmiş.
Mən baxmadım nə yada, nə həmdəmə, Nöqsanımı faş elədim aləmə. Hey danladım öz-özümü... heç demə, Mərdliyim də etirafa qədərmiş...
Vicdanımdan sordum: nədir etiraf? Cavab verdi: bir tövbədir etiraf. İndi bildim, əməlsiz bir etiraf Günah kimi nöqsandan da betərmis.
31 dekabr, 1998
|