Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm, Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir, Qeyri dindardı ya dindar, o bilər - mən bilərəm.
Məni cadulər ilən salma gözündən o gülün, Çalma kandarıma mismar, o bilər - mən bilərəm.
Dedim ol yarə hicabı sənə vacib bilib həqq, Dedi ki, eyləmə israr o bilər - mən bilərəm.
Dəstəmazım gözümün yaşı namazımdı muğam, Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.
Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə, Gahi ordan yerə çırpar, o bilər - mən bilərəm.
Can alanım ikidir, göydə fələk, yerdə mələk, Desələr hansıdı qəddar, o bilər - mən bilərəm.
Pünhanın eyblərin yarə gedib kim saydı, Kimə nə, eybi əgər var, o bilər - mən bilərəm
|